spot_img
28 марта, 2024
ДомойТелекомСтатьиSüni intellekt: sivilizasiyanın gələcəyi, yoxsa qatili?

Süni intellekt: sivilizasiyanın gələcəyi, yoxsa qatili?

«Süni intellekt» dedikdə, göz qabağında dərhal tanış obrazlar canlanır: «həyatını» məqsəd naminə tərəddüdsüz qurban verməyə hazır olan Terminator; Ayzek Azimovun «Mən, robot» hekayələr silsiləsi və eyniadlı Hollivud filmi; nəhayət, məşhur Britaniyalı «Maşın». Biz tez-tez «robot» və «intellekt» məfhumlarını səhv salaraq süni intellekti fiziki libasa bürüyürük. Görünür, elə bu səbəbdən dünya şöhrətli alimlər əndişə keçirərirək 2010-cu ildən bəri mütəmadi şəkildə « maşınlar bəşəriyyəti məhv edəcək» təhlükəsindən danışırlar. Nədir bu təhlükə? Axı heç birimiz hələ ki, real Terminatora rast gəlməmişik! Əslində bu, əndişə deyil, sadəcə həddindən artıq reaksiya və heç nədən böyük problem yaratmaqdır. Süni intellektin ilkin formaları ilə insanlar hər gün üz-üzə gəlirlər. Sadəcə bunu dərk edən yoxdur.

Xeyirxah süni intellekt

Gəlin, süni intellektin istifadəsi ilə bağlı bir neçə misal gətirək (o cümlədən, maşınların təlimi, yəni, maşınlarda kənardan dəstək olmadan müstəqil şəkildə öyrənə bilən alqoritmlərin qurulması).

Cyber workers

2014-cü ildə The Associated Press məlumat agentliyi Automated Insights şirkəti tərəfindən tərtib olunmuş Wordsmith adlı avtomatik maliyyə hesabatı hazırlayan texnologiyadan istifadə etməyə başladı. Proqram əvvəlcə maliyyə verilənlərini təhlil edir, onları müqayisə edir, şirkətlərin hesabatlarındakı açar rəqəmləri aşkarlayır, daha sonra isə bütün bunları insan dilinə çevirir. Siz dünyasında «maşın» tərəfindən yazılan hekayəni insan tərəfindən yazılandan ayırd edə bilməzsiniz. Amma yox, bilərsiniz: maşın səhv buraxmır və barmaq izi qoymur.

«Wordsmith minlərlə maliyyə xəbəri yazır, o, olmasaydı bütün bunlar da olmazdı. Wordsmith insanın çata bilmədiyi sürət və miqyasla işləyir. Bizim texnologiyamız jurnalistlərin işini daha da maraqlı hala gətirir», — deyə, Automated Insights şirkətinin aparıcı əməkdaşı Ceyms Koteki qeyd edir. Bununla belə, Wordsmith dayanmadan öyrənməyə davam edir. Bu, belə baş verir: hazırlanmış hissələr seçməli qaydada yoxlanır və təkmilləşdirilə biləcək yerlər işarələnir. Proqram həmin qeydləri nəzərə alaraq öz alqoritmini müvafiq şəkildə dəyişdirir. Wordsmith tam mənada süni intellektin qurulması yolunda mühüm addımlardan biri kimi maşın təliminin klassik örnəyidir. Lakin bu, sadəcə aysberqin gözə görünən hissəsidir. Word proqramında, smartfonlarda quraşdırılmış köməkçilər də özünü daim təkmilləşdirən maşın təliminin bir başqa örnəyidir.

Süni intellekt yaradanlar üçün daha bir perspektivli sahə özünü sürücüsüz idarə edən avtomobillərdir. Google şirkətinin yaratdığı və ABŞ yollarında sınaqlardan keçməyə davam edən pilotsuz avtomobillər haqqında xəbərləri hər həftə oxuyuruq. Şübhəsiz ki, amerikan şirkətinin əlində hökümətə göstərmək və bununla fəxr etmək üçün yetərincə uğur var: ABŞ-ın təkçə bir regionunda ötən il ağıllı avtomobillər 10000 mildən artıq məsafə qət edərkən bir dəfə olsun yol hərəkat qaydasını pozmayıb və ya qəzaya uğramayıb. Google şirkətinin eksperimentini təkçə nəqliyyat şirkətləri deyil, eləcə də yol hərəkat qəzaları sahəsində ixtisaslaşan hüquqçular da izləyirlər.

2

«İnsan xətalarının sayı azaldıqca (avtomobillərin sürətini avtomatik yavaşlatma və dayandırma texnologiyalarının tətbiqi sayəsində) xəsarət alan insan və maşınların sayı da azalacaq. Ölüm hadisələrinin sayı azalacaq. Sığorta haqqı da (nəzəri baxımdan) azalacaq. Bu, o deməkdir ki, mənim də yol hərəkat hadisələrində zərər çəkən insanların hüquqlarını qoruyan bir hüquqçu kimi işimin həcmi azalacaq», — bu, Nyu-Yorklu Erik Terkivitsin süni intellektin yol hərəkat hadisələrində zərər çəkən insanların hüquqlarını qorumaqla məşğul olan hüquqçuların biznesinə təhlükə yaratması məsələsinə həsr olunmuş bloqda yazdıqlarıdır.

Lakin Erik heç də karikaturadan çıxmış qaniçən hüquqçu deyil. Sözünə davam edərək o, deyir ki, özü də sürücüdür və Google şirkətinin can atdığı gələcəyi o da, bir sürücü olaraq dəstəkləyir. Bəli, o da, yeni iş axtarmaq məcburiyyətində qalacaq və bunu yolların təhlükəsiz gələcəyi naminə ödəyəcəyi qiymətdir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə avtomobil qəzalarında hər il 1300000 adam həlak olur. Dəhşətli rəqəmdir! Erik isə yaxın 15-20 il ərzində işini itirəcək yeganə peşə sahibi deyil. Sürücülər, yükdaşıyanlar, çağrı mərkəzlərinin, qaynar xətlərin operatorları və daha neçə-neçə peşələr — süni intellekt yaratmaqla məşğul olan bir çox şirkət bütün bunları əvəz etmək üçün çalışır.

Əlbəttə, insanoğlu gələcəkdə daha yaxşı yaşayacaq. Avtomatlaşdırmanın bütün sahələrdə tətbiq olunması ilə ərzaqların, habelə digər məhsulların qiymətləri ucuzlaşacaq. Başqa sözlə, rahat yaşamaq üçün daha az pul ödəmək lazım gələcək. Bu da, öz növbəsində, daha az işləmək məcburiyyətində olacağımıza dəlalət edir. İki-üç saatlıq iş günü norma halına gələ bilər. Belə halda insan özünün mənəvi, intellektual, fiziki inkişafına daha çox vaxt ayıra bilər.

5

Pis süni intellekt

Ötən il İlon Maskın, Oksford Bəşəriyyətin Gələcəyi Universitetinin (Oxford Future of Humanity Institute) direktoru Nik Bostromun, Harvard Universitetinin genetika üzrə professoru Corc Çerç və bir çox başqalarının əməkdaşlıq etdiyi Həyatın Gələcəyi İnstitutunun (The Future of Life Institute) saytında açıq məktub dərc edildi. Həmin məktubda alimlər öz həmkarlarına səslənərək süni intellekt probleminə daha diqqətli yanaşmağa çağırdılar. Alimlərin qoyduqları əsas sual isə belədir: insanlar intellektlə təchiz olunmuş maşınları nəzarət edə biləcəklərmi? Məlum məsələdir, bu suala hələ ki heç kim cavab verə bilməyib. Həmin məktubdan qısa iqtibas gətiririk: «Süni intellektin nəhəng potensialını nəzərə alaraq düşünməliyik ki, həmin texnologiyalarda mövcud olan gizli əngəllərlə üzləşmədən bunun müsbət cəhətlərindən necə faydalana bilərik. Bizim süni intellekt sistemlərimiz yalnız bizim istədiyimizi etməlidir».

Süni intellektin gələcəyini anlamaqda əsas çətinlik məhz buradadır. Amerikalı alim Eliezer Yudkovski «Süni intellekt qlobal risklərdə müsbət və mənfi faktor kimi» kitabında süni intellektin «bəli, bu intellekt insan iradəsinin xaricindədir» dedirdən iki (milyonlar içindən) davranış ehtimalını şərh edir:

  • Süni intellekt yeni icadları patentləyir, elmi əsərlər dərc edir, birjada pul qazanır və siyasi bloklara başçılıq edir.
  • Tarixi, elmi və texnoloji biliklərə əsaslanan süni intellekt sivilizasiyanın inkişafını əsrlər və minilliklər müddətinə əvvəlcədən bilə bilir.

Məşhur nəzəriyyəçi fizik Stiven Hokinq hesab edir ki, Yudkovskinin bəhs etdiyi mükəmməl süni intellekt «insan irqinin sonunu gətirə bilər». Mask və məsələ ilə məşğul olan bir neçə böyük alim də eyni fikirdədirlər. Hər kəi bir məsələ narahat edir: «Əgər süni intellekt bizi işdə əvəz edəcəksə, onda müəyyən vaxt sonra o, bizi evdə də əvəz etmək istəməzmi?».

4

Müasir alimlərin «süni intellekt» məfhumunu necə şərh etmələrinin elə özü də maraqlıdır. Bu termin haqqında vahid bir anlayış yoxdur, amma süni intellektin məntiqlə üç açıq-aşkar növü olduğu barədə tam olmasa da, yenə də bir fikir birliyi var:

  • Məhdudlaşdırılmış süni intellekt (Artificial Narrow Intelligence). Bu tip intellekt sizi, misal üçün, şahmat və ya preferansda uda bilər, amma ona «torpağı yemək olarmı» sualını verdikdə cavab ala bilməyəcəksiniz.
  • Ümumi süni intellekt (Artificial General Intelligence). Süni intellektin bu növü insan intellektinə maksimal yaxındır. O, məlumatları təhlil edir, digər maşınlarla ünsiyyətə girir, özünü təlimdən keçirir.
  • Süni super intellekt (Artificial Superintelligence). Bu intellekt növü o qədər inkişaf edib ki, insan intellektindən fərqlənir. Başqa sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini anlamaq üçün yetərincə inkişaf etmiş deyil.

Bugün bəşəriyyət süni intellektin birinci tipinin əsas prinsiplərini artıq uğurla mənimsəyib. Google avtomobilləri, Wordsmith sistemi, bir nöqtədən digərinə getmək üçün ən optimal marşrut seçə bilən peyk naviqasiyası və hətta dediyinizi anlaya bilən Siri buna bariz örnəklərdəndir. Google axtarış sisteminin özü də böyük məhdudlaşdırılmış intellektdir. Maşın təlim prinsiplərindən istifadə edərək o, bəzən insan müdaxiləsi olmadan da özünü daima inkişaf etdirir. Növbəti addım ümumi süni intellektin yaradılması olacaq. Hazırda bu məsələnin üzərində bir neçə iri şirkət və alimlər qrupu çalışır.

2014-cü ildə Google «dərinləşdirilmiş maşın təlimi» alqoritmi üzərində işləyən The DeepMind şirkətini satın aldı. Söhbət biliklərin müxtəlif qatlarını bir-bir qaldırıb onları qarşılaşdıraraq müstəqil şəkildə nəticə əldə edə bilən bir sistemdən gedir. Sadə dillə desək, söhbət informasiyanın tənqidi qavrayışından gedir: sistem məlumatları qarşılaşdıraraq faktları birləşdirib məntiqi silsilələr qurmağı öyrənir. Uşaqlarımızı kiçik yaşlarından bəri öyrətdiyimiz kimi. Bugün Google-ın DeepMind sistemi təlim almaq üçün insan yardımına ehtiyac duymur. Kompüterlərdə böyük həcmli informasiyanı saxlamaq imkanı ilə süni intellektin məntiqlə «düşünmək» bacarığını, habelə neyron şəbəkəsinin məlumat saxlancında lazımi məlumat fraqmentlərini dərhal tapmaq bacarığını birləşdirən yeni Differential Neural Computer (DNC) sisteminin tətbiq olunması ilə mümkün oldu. DeepMind aparıcı tərtibatçıları Aleksandr Qreyvs və Qreq Veyn sistemi belə təsvir edirlər: «Bu model neyron şəbəkəsi kimi örnəklərdən dərs çıxara bilir, eyni zamanda kompüter kimi böyük həcmli məlumatları emal edə bilir».

Daha öncə təsvirləri və şifahi məlumatları anlayan «ağıllı» sistemlərin tərtibatı, habelə digər elmi tədqiqatlarla məşğul olan DNNresearch-ü Google satın alarkən, 2013-cü ildə The New York Times-a məlum olub ki, bu şirkət yeni nəsil robotlar üzərində işləyən startapları kütləvi şəkildə satın alır. Şirkətin fəaliyyətinin bu qismindən cavabdeh olan Endi Rubin vaxtilə Android əməliyyat sisteminin yaradıcı heyətinin arxasında dururdu. Altı ay ərzində o, robot texnikası sahəsində fəaliyyət göstərən 7 şirkəti satın alıb.

Google «məhdud süni intellekt» çərçivəsinin xaricinə çıxmağa can atan yeganə olmasa da, ən varlı şirkətlərdən biridir. Bir çoxları hesab edir ki, məhz Google həddi aşaraq dünyaya ilk olaraq «ümumi süni intellekti» təqdim edəcək. Odur ki, bir çox elmi müəssisə və məşhur alim əndişə içindədir. Biz həyatımızı kökündən dəyişdirəcək fenomenal bir ixtiranın ərəfəsindəyik. Dərrakəli insanlar hələ sahildə ikən, dənizə çıxmadan öncə razılığa gəlmək üçün səy verir. Gec olmadan.

Gələcək

İxtiranın həyata keçməsi üçün alimlər bir neçə mühüm məsələni həll etməlidirlər. Birinci məsələ hesablama gücünün yetərsiz qalmasıdır. Deyirlər ki, «ümumi intellekti» yaratmaq üçün onun gücünün insan beyninin gücü qədər olması şərtdir. Alimlərin bu mövzu ətrafında mübahisələri səngimir, odur ki, biz hələ də beynimizin «hesablama gücü» haqqında dəqiq məlumata malik deyilik. İkincisi bizim beyin fəaliyyətimizin patternlərinin kopiyalanmasıdır. Beynimizin necə işlədiyi barədə məlumatımız çox olsa da, bunlardan hansının fakt, hansının isə təxmin olduğu heç kimə məlum deyil. Aydındır ki, əgər alimlər insan beynini elektron şəkildə təkrarlamaq istəyirlərsə, onlar bu sistemə insan beyninə xas olan əməliyyat sisteminin modelini quraşdırmalıdırlar.

Tesla Introduces Self-Driving Features With Software Upgrade

Üçüncü məsələ nəzarətdir. «Elektron» şəxsiyyəti yaradarkən biz sadəlövhcə güman edirik ki, alqoritm vasitəsilə ona bəşəriyyəti bəlalardan qoruyacaq hansısa mənəvi qaydalar kodeksini peyvənd edə biləcəyik. Bir növ uşağı tərbiyə etmək prosesinə bənzəyir. Valideynlər mütəmadi olaraq övladlarını «bu yaxşıdır, bu pisdir» üslubunda tərbiyə edir, uşaqlar isə eyni mütəmadi şəkildə sərhədləri aşmağa cəhd edirlər. Bununla yanaşı biz həm də yaxşı bilirik ki, heç bir təlim, ya da tərbiyə yüz faizlik zəmanət vermir ki, uşaq böyüyüb manyak və ya sosiopat olmayacaq. Elədirsə, bəs alimlər «elektron uşağın» sözəbaxan “övlad” olacağına necə zəmanət verə bilərlər?

İlk iki məsələ müzakirəlik olsa da, üçüncüsü həm adi vətəndaşlar üçün, həm də alimlər üçün klassik «xortdandır». Alimlər «ümumi intellekti» nəzarət altında tuta biləcəklərmi? «Ümumi» intellektin «super intellektə» qədər böyüməsini görə biləcəklərmi? Hansı məqamda (əgər bu məqam meydana gələcəksə) biz süni intellekt üzərində nəzarəti itirə bilərik? Süni intellekt öz qarşısına nə vaxt müstəqil şəkildə məqsədlər qoya biləcək və bu məqsədlərin arasında bəşəriyyətin məhv edilməsi olacaqmı?

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -